Həzrəti Süleyman

Hz.Süleyman Allahın Öz dərgahından mülk və hikmətlə dəstəklədiyi (“Bəqərə” surəsi, 251), bir fəzl verdiyi (“Səba” surəsi, 10) və Zəburu vəhy etdiyi, üstün elm sahibi olan bəndəsi Hz.Davudun oğludur. Allah “Sad” surəsində “Biz Davuda Süleymanı hədiyyə etdik...” (“Sad” surəsi, 30) şəklində buyurur.
Allah eynilə Hz.Davud kimi Hz.Süleymanı da İsrailoğullarına peyğəmbər kimi göndərmişdi. Onu hidayətə çatdırmış, xeyirli qullarından biri saymış və digər peyğəmbərlər kimi aləmlərdən üstün tutmuşdu. Ayə Allahın iman gətirənlərə aşağıdakı öyüdü ilə davam edir:
“Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun müqabilində sizdən bir əvəz istəmirəm. Bu aləmlər üçün yalnız bir öyüd-nəsihətdir”“ (“Ənam” surəsi, 90).
Hz.Süleyman da digər peyğəmbərlər kimi insanları Allaha iman gətirməyə, Ona şərik qoşanlardan uzaqlaşmağa, Allahın əmr və tövsiyələrinə tabe olmağa dəvət etmişdi.